Kristiano Ronaldo ədalətli oyunu ilə gündəm oldu – Video

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo bir çox futbolçulara örnək ola biləcək ədalətli oyun davranışı ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, Ronaldo Asiya Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Persepolis”lə oyununda (0:0) üzləşdiyi oyun məqamını ədalətlə qiymətləndirərək, hakimə penalti olmadığını etiraf edib.

Oyunun lap əvvəlində baş hakimi Ma Nin rəqibin cərimə meydançasında portuqal ulduza qarşı kobudluğu qeydə alıb və “Persepolis”in qapısına penalti təyin edib. Amma Ronaldo dərhal hakimin arxasınca gedib, şəhadət barmağı ilə yox kəlməsini ifadə edən jesti nümayiş etdirib. Ardınca isə o, “penalti yoxdur”, deyib.

Nəticədə hakim VAR-a baxdıqdan sonra ilkin qərarını ləğv edib və komandalar oyunu davam etdiriblər. Tribunalar Kristiano Ronaldonu ədalətli oyunu və alicənab davranışı müqabilində alqışlamağa qalxıblar. Oyun “quru” hesabla başa çatsa da, hər iki komanda turnirin qrup mərhələsini adlayaraq, ələmə mərhələsinə yüksəlib. “Əl-Nəsr” “E” qrupunda 13 xalla lider, “Persepolis” isə 8 xalla 2-ci pillənin sahibi olub.

Ronaldonun təmiz oyuna verdiyi qiymət, ədalətli oyun prinsiplərinə riayət etəsi amili, portuqal ulduzu FIFA-nın ədalətli oyun üçün təsis etdiyi xüsusi mükafata namizəd edir.

Yeri gəlmişkən, Ronaldo bu oyunu sona çatdıra bilməyib. O, matçın sonlarında çiynindən aldığı zədə səbəbindən 78-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Zədənin ciddiliyi haqda məlumat verilməyib.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə o, “Əl-Nəsr”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 18 qol vurub, 9 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib. O, bu oyunlarda 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: