Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin “Lerik”lə oyunu “Sumqayıt”ın futbolçusu Kristian Velinovski üçün xoşagəlməz sonluqla bitib.
Arena.az xəbər verir ki, Şimali Makedoniyadan olan sağ cinah vingerinin bu matçda ayağı qırılıb.
Belə ki, matçın 23-cü dəqiqəsində “Lerik”in futbolçusu Rahid Ağazadə rəqb oyunçuya qarşı açıq ayaqla kobud oynayıb. Nəticədə Velinovskinin ayağı qırılıb. O, təcili tibbi yardım maşını ilə xəstxanaya aparılıb. Ağazadə isə qırmızı vərəqə alaraq meydandan qovulub. Rahid üçün də matç erkən bitdiyindən o, rəqib futbolçuya dəstək olmaq üçün elə təcili yardım maşınının ardınca xəstəxanaya yollanıb və ayağını qırdığı Velinovskinin yanında olmağa çalışıb.
Artıq “Sumqayıt”ın futbolçusunun durumu ilə bağlı rəsmi açıqlama yayıb. Xəbərdə bildirilir ki, Velinovskinin ayağı sınıb. Oyun başa çatdıqdan dərhal sonra komandanın məşqçi və futbolçu heyəti xəstəxanaya gələrək yarımmüdafiəçiyə öz dəstəklərini nümayiş etdiriblər.
Xəbərdə o da bildirilir ki, Velinovski sabah əməliyyat olunacaq. Futbolçunun yaşıl meydanlardan kənarda qalacağı müddət əməliyyatdan sonra dəqiq bilinəcək.
Xatırladaq ki, “Sumqayıt” “Lerik”lə oyundan 6:0 hesablı qələbə ilə ayrılaraq Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanıb. Sözügedən komanda növbəti mərhələdə “Karvan”la qarşılaşacaq.
Kristian Velinovski “Sumqayıt”a bu ilin sentyabr ayında transfer olunub. 24 yaşlı futbolçu sözügedən komandada cəmi 5 oyuna çıxıb. O, daha öncə Şimali Makedoniyada “Brera” və “Breqalniça” kimi komandalarda oynayıb, ölkəsinin U-21 yığmasında çıxış edib.




