Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi yekunlaşdı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün ikinci təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. Üç günü əhatə edən mərhələnin son oyunları bölgədə baş tutub.

“Zaqatala” ilə “Şamaxı” arasındakı oyunda qonaq komanda qələbə və növbəti mərhələyə vəsiqə qazanıb. “Şamaxı”nı növbəti mərhələdə Premyer Liqa təmsilçisi “Səbail”lə duel gözləyir.

“İmişli” də “Mingəçevir”lə ev oyununda oxşar nəticəyə imza atıb. Bu komanda isə növbəti mərhələdə elitanın digər təmsilçisi “Qəbələ” ilə qarşılaşacaq.

Xatırladaq ki, ilk oyun günündə “Səbail”, “Turan Tovuz”, “Karvan”, “İrəvan” və MOİK komandaları növbəti mərhələyə yüksəlmişdilər. Ötən gün isə “Qaradağ Lökbatan”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Sumqayıt” da 1/8 finala vəsiqə qazanmışdılar.

Azərbaycan Kuboku
İkinci təsnifat mərhələsi
30 noyabr

“Zaqatala” – “Şamaxı” 0:1
Qol: Emin Zamanov, 18.
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Zaqatala OİK stadionu, 13:30.

“İmişli” – “Mingəçevir” 1:0
Qol: Həzrət İsayev, 87-pen.
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
İmişli şəhər stadionu, 13:30.

Beləliklə, Azərbaycan Kubokununun 1/8 finalında aşağıdakı komandalar üz-üzə gələcəklər:

Azərbaycan Kuboku
1/8 final mərhələsi

“Səbail” – “Şamaxı”
“Zirə” – “Turan Tovuz”
“İrəvan” – “Araz-Naxçıvan”
“İmişli” – “Qəbələ”
“Sumqayıt” – “Karvan”
“Neftçi” – “Qaradağ Lökbatan”
“Kəpəz” – “Sabah”
“Qarabağ” – MOİK

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 19-21 dekabr aralığında keçiriləcək. Dəqiq təqvimin qarşıdakı günlərdə açıqlanması gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: