Mahir Emreli avrokubok matçında “Dinamo”ya lazım olmadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Qazaxısttan təmsilçisi “Astana” ilə qarşılaşıb.

Səfərdə baş tutan bu oyun Xorvatiya təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:0. “Dinamo” hər iki qolu ikinci hissədə meydan sahiblərinin qapısından keçirib.

Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Dinamo” 5 turdan sonra 6 xalla C qrupunun ikincisidir. “Viktoriya” (Plzen) 12 xalla 1-cidir. “Astana” və “Ballkani”nin də 4 xalı var. Amma qrupun digər matçının nəticəsindən asılı olaraq, “Dinamo” turu üçüncü pillədə də başa vura bilər.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 44 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: