Ramil Şeydayev və komandası üçün ardıcıl 5-ci heç-heçə – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün 12-ci turu çərçivəsində baş tutan “Muanq Tonq Yunayted”lə matçın iştirakçısı olub.

“Buriram Yunayted” bu rəqiblə səfərdə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 2:2. Futbolçumuzun komandası iki dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu bir hissə oynayıb. O, fasilədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurub, 3 məhsuldar ötürmə etmiş Ramil bu dəfə fərqlənə bilməyib.

Bu nəticədən sonra 18 xala malik “Buriram Yunayted” 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 15 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: