Fransa Liqa 1-i çərçivəsində “Nant” – “Nitsa” oyunundan (1:0) əvvəl meydan sahiblərinin ultras təmsilçisi bıçaqlanaraq öldürülüb.
Arena.az bu barədə “Ouest France” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, naməlum şəxs stadiondan bir qədər aralı “Sen-Jorj” barının yaxınlığında 31 yaşlı kişinin kürəyindən bıçaqlayıb. Həkimlər zərərçəkmişi xəstəxanaya çatdırsalar da, o, bir müddət sonra dünyasını dəyişib.
Qatil əvvəlcə hadisə yerindən qaçsa da, sonra polis bölməsinə gələrək günahını etiraf edib və qanuna təslim olub. Cinayətkar əvvəllər özəl nəqliyyat şirkəti VTC-nin sürücüsü olub. O, “Nitsa” azarkeşlərini Nant küçələrinin birindən birbaşa stadiona daşıyıb. Tərəflər arasında münaqişə yaranıb, onun səbəbləri hələ də aydınlaşdırılır.
Prokurorluq qəsdən adam öldürmə faktı ilə bağlı istintaqın başladığını elan edib. Hazırda şahidlərin dindirilməsi davam etdirilir.


