Mirça Luçesku Lion “Olimpik”ini çalışdıra bilər

Kiyev “Dinamosu”nun sabiq baş məşqçisi, rumın mütəxəssis Mirça Luçesku Liqa 1-in aşkar autsayderi olan Lion “Olimpik”ini çalışdıra bilər.

Arena az məlumat verir ki, bu barədə “GSP.Ro” portalı məlumat yayıb.

Hazırda Fransa nəhənglərindən biri olan Lion klubu tarixinin ən pis dövrünü yaşayır. 13 turdan sonra komanda 7 xalla turnir cədvəlinin autsayderidir – sonuncu, 18-ci pillə. Klubun Liqa 1-i tərk etmək ehtimalı var. Daha əvvəl, sentyabrda italyan mütəxəssis Fabio Qrosso böyük ümidlərlə “Olimpik”in sükanı arxasına gətirilsə də, komandanı nəinki böhrandan çıxara bilməyib, hətta vəziyyət daha da kəskinləşib. Nəticədə Fabio Qrosso noyabrın sonunda istefaya göndərilib. Vurğulanır ki, klub rəhbərliyi 78 yaşlı rumın mütəxəssis, “futbol ağsaqqalı” Mirça Luçeskunun komandanı düşdüyü böhrandan qurtarmasına böyük ümidlər bəsləyir. Lion klubu mövsümə, çempionluq və avrokuboklar uğrunda mübarizəni hədəfləsə də gözlənilmədən çempionatın autsayderinə çevrilib.

Xatırladaq ki, cari ilin noyabrın əvvəlində Luçesku son iş yeri olmuş Kiyev “Dinamo”sundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı.

Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Təcrübəli mütəxəssis kiyevliləri 2020-ci ildən 3 tam mövsüm çalışdırıb. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu uğurla çalışdırıb. Rumın mütəxəssis “şaxtaçılar”a 8 dəfə Ukrayna çempionluğunu, 2009-cu ildə isə UEFA Kubokunu qazandırıb.

Mirça Luçesku zəngin məşqçilik karyerası ərzində Türkiyə millisini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı çalışdırıb. Luçesku UEFA Çempionlar Liqasında qazandığı qələbələrin sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçilik karyerası ərzində 35 qənimət qazanmış Luçeskunu bu göstəricidə yalnız Aleks Ferqyuson və Xosep Qvardiola qabaqlayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: