“Kəpəz”in qapıçısı: “Gəncənin tarixi yerləri xoşuma gəlir”

“Kəpəz”in qapıçısı, Portuqaliyadan olan 28 yaşlı İqor Rodriqes Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, təcrübəli qolkiper Gəncə barədə müsbət fikirlər səsləndirib:

“Gəncəni çox bəyənirəm, gözəl şəhərdir. Gəzdikcə Gəncədə çox şeyi kəşf edirəm. Buradakı tarixi yerlər xoşuma gəlir. İnsanlar da qonaqpərvərdirlər”.

Qapıçı oktyabr ayında qoşulduğu “Kəpəz”ə uyğunlaşma mərhələsində olduğunu bildirib: “Yeni baş məşqçimizin futbol fəlsəfəsini başa düşməyə çalışırıq. Onun bizdən istədikləri var. Tələbləri yerinə yetirməkdən ötrü üzərimizdə işləyirik. Buna görə də müəyyən vaxt lazımdır. Kollektivə yavaş-yavaş uyğunlaşıram. Əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm. Komandanın bir üzvü olaraq hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxıram”.

Rodriqes digər kollektiv idman növlərinə də maraq göstərdiyini vurğulayıb: “İdmanı çox sevirəm. Təkcə futbolla maraqlanmıram. Gəncədə yerli basketbol komandasının oyununa getmişəm. Voleybola getmək imkanım olmayıb. Vaxtım çatsaydı, bütün görüşlərdə azarkeş kimi tribunada yer almaq istərdim”.

Xatırladaq ki, İqor Rodriqes bu ilin oktyabr ayında azad agent kimi “Kəpəz”ə qoşulub. Onun Gəncə klubu ilə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub. “Kəpəz”in qapıçısı indiyə qədər cəmi 4 oyuna çıxıb, 6 qol buraxıb. O, bu oyunlardan ikisində qapısını toxunulmaz saxlamağı da bacarıb.

Portuqal qolkiper daha öncə ölkəsində “Kovilya”, “Feyrense”, “Şaveş”, “Eştoril” kimi klubların da formasını geyinib.

“Kəpəz” bu mövsüm Premyer Liqada 15 oyuna cəmi 10 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: