Premyer Liqa: Mövsümün və son iki ilin rekordunun təkrarı

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunda üç oyun böyük hesabla nəticələnib.

Arena.az xəbər verir ki, “Qarabağ” “Sumqayıt”ı 6:1, “Kəpəz” “Qəbələ”ni 3:0, “Sabah” “Səbail”i 4:0 hesabı ilə məğlub edib.

Turun hər günündə bir matçda üç və ya daha çox top fərqi qeydə alınıb. “Qarabağ”la “Kəpəz” rəqib meydanında, “Sabah” isə evdə bu uğura imza atıb.

Eyni turda üç böyükhesablı nəticənin qeydə alınması mövsümün rekordunun təkrardır. İlk turda da üç fərqli günün hərəsində bir matç belə nəticələnmişdi. Avqustun 4-6-da keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3, “Səbail” “Sumqayıt”a 1:4 hesabı ilə uduzmuşdu. “Sabah” isə “Qəbələ”ni 5 cavabsız qolla üstələmişdi.

Qeyd edək ki, cari mövsümün 16 turunda 15 matçda böyükhesablı nəticəyə təsadüf olunub. 8 dəfə meydan sahibləri, 7 dəfə qonaqlar qalib gəliblər.

Premyer Liqanın 16-cı turunda bütövlükdə 19 qol vurulub. “Sumqayıt” – “Qarabağ” oyununda (1:6) yeddi, “Neftçi” – “Turan Tovuz” matçında (3:2) beş, “Sabah” – “Səbail” görüşündə (4:0) dörd, “Qəbələ” – “Kəpəz” qarşılaşmasında (0:3) üç qol qeydə alınıb. Yalnız “Zirə” ilə “Araz-Naxçıvan”ın dueli qolsuz bitib.

Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bu, həm 2023/2024 mövsümünün, həm də son iki ilin rekordunun təkrarıdır. Cari çempionatın 10-cu turunda da 19 qol vurulub. Oktyabrın 20-22-dəki matçların orta məhsuldarlığı 3,80-ə bərabərdir.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 25 ay əvvəl təsadüf olunub. 2021/2022 mövsümünün 10-cu turunda 4 oyunda 17 qol vurulub. 2021-ci il noyabrın 6-7-dəki matçların orta göstəricisi 4,25-ə bərabər olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: