Nikola Yurçeviç təyinatından 2 ay sonra istefaya göndərildi

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasında 2 aydan sonra istefaya göndərilib.

Arena.az xəbər verir ki, Livan Futbol Federasiyası xorvatiyalı mütəxəssislə yollarını ayırdığını açıqlayıb.

Maraqlıdır ki, qərar 2024-cü il yanvarın 12-də başlayacaq Asiya Kubokuna hazırlıq zamanı qəbul olunub. Federasiya oktyabrın əvvəlində baş məşqçi postuna təyin etdiyi 57 yaşlı məşqçinin gedişini daha güclü mütəxəssis gətirmək istəyi ilə əsaslandırıb:

“Asiya Kubokunda iştirak etməmişdən əvvəl ən yaxşı məşqçi heyətinin təyinatı üçün İcraiyyə Komitəsinin üzvləri bu qərara gəliblər”.

Yurçeviç Livan yığmasını cəmi 4 matça çıxarıb. Sözügedən komanda qələbəyə həsrət qaldığı bu oyunlarda 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nikola Yurçeviç Livandan öncə sonuncu dəfə 2019-cu ildə məhz Azərbaycan yığmasını çalışdırmışdı. O, həmin ilin fevralından dekabr ayına qədər milli komandamızı 10 oyuna çıxarmışdı. Bu görüşlərdə cəmi 1 qələbə qazanmış yığmamız 2 heç-heçə edib, 7 məğlubiyyətə üzülmüşdü.

Yurçeviç millimizdən öncə Zaqreb “Dinamo”sunda baş məşqçi, “Vest Hem”də köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: