Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Tailand “Buriram Yunayted”i bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Asiya Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Yaponiya təmsilçisi “Kofu” ilə qarşılaşıb.
“Buriram Yunayted” bu rəqiblə doğma meydanda qarşılaşıb. Tailand təmsilçibi meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib.
Ramil bu oyunun iştirakçısı olmayıb. Ötən tur Çin “Qrintaun”u ilə səfər oyunundan (2:3) sonrakı dava-dalaşda iştirak etdiyi üçün 8 oyunluq cəzalanmış azərbaycanlı hücumçu bu son qarşılaşmada komandasına kömək edə bilməyib.
6 turdan sonra 6 xala malik “Buriram Yunayted” yer aldığı H qrupunda sonuncu yeri tutub.
“Kofu” 11 xalla qrup qalibi olub. Avstraliyanın “Melburn Siti” komandası 9 xalla ikinci, “Qrintaun” 7 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 16 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.


