Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turunda “Şaxtyor”la oyun (5:3) “Portu”nun müdafiəçisi Pepe üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, o, bu oyunun 75-ci dəqiqəsində topu “Şaxtyor”un qapısına göndərib və beləliklə qitənin ən mötəbər turnirinin tarixində ən yaşlı qolçu kimi öz rekordunu yeniləyib.
Hazırda təcrübəli futbolçu 40 yaş 290 günlüyündədir. Bundan əvvəl, Pepe 40 yaş 254 günlük ikən 4-cü turda “Antverpen”lə oyunda qol vurmuşdu.
Pepe “Şaxtyor”la oyunda daha bir rekordunu da yeniləyib. Portuqaliyalı müdafiəçi meydan oyunçuları arasında turnir tarixinin ən yaşlı futbolçusu olub.
“Portu” qələbə sayəsində “H” qrupunu 12 xalla 2-ci pillədə başa vurub. Portuqaliya təmsilçisi eyni miqdarda xal toplamış qrup lideri “Barselona” ilə birgə UEFA Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqə qazanıb.
Pepe əslən braziliyalıdır. O, “Korintians Alaqoano” klubunun yetirməsidir. Müdafiəçi daha əvvəl çıxış etdiyi “Portu”ya 2019-cu ilin yanvarında azad agent qismində qoşulub. Tərəflər arasında müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var. Pepenin karyerasının ən məhsuldar dövrü və püxtələşərək tanınması “Real”ın adı ilə bağlıdır.
Cari mövsümdə müdafiəçi “Portu”nun heyətində 13 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Pepe 2007-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 134 oyuna 8 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 40 yaşlı Pepeni 1 milyon avro məbləğində qiymətləndirir.


