“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzyanın “Hakken”ə vurduğu qol Avropa Liqasının qrup mərhələsində 6-cı turunun ən yaxşısı seçilə bilər.
Arena.az xəbər verir ki, UEFA Avroliqanın qrup mərhələsinin 6-cı turunun ən yaxşı qolu adına namizədləri açıqlayıb.
Siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzyanın Bakıda İsveçin “Hakken” komandasına vurduğu qol da yer alıb. 29 yaşlı yarımmüdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunun müəllifi olub.
Digər namizədlər İngiltərənin “Brayton”dan Joau Pedro, Fransanın “Renn” klubundan Lorents Assinyon və Yunanıstanın “Olimpiakos” kollektivindən Daniel Podensedir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.
Xatırladaq ki, Benzya bu ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. Əlcəzair millisinin üzvü Ağdma klubunun heyətində bütövlükdə 31 matça çıxıb və 8 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.


