Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – MOİK oyunu Xankəndidə keçiriləcək.
Arena.az xəbər verir ki, artıq bu oyuna görə Bakı metropoliteninin iş qrafikində də dəyişiklik olub.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Xəbərdə bildirilir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciəti və Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağı nəzərə alınaraq, dekabrın 21-də Bakı metropoliteninin bütün stansiyaları səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.
Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. Bakı metropoliteninin həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq.
Xatırladaq ki, “Qarabağ” – MOİK oyunu dekabrın 21-də keçiriləcək.
Onu da qeyd edək ki, xeyli müddət idi Xankəndki şəhər stadionunda təmir-bərpa işləri aparılsa da, bu arenada hansı oyunun keçiriləcəyi dəqiq bilinmirdi. Yalnız iştirakçı komandalardan birinin “Qarabağ” olacağı bəlli idi. Artıq Ağdam klubunun hansı matçının bu arenada baş tutacağı da məlumdur.


