“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Premyer Liqanın 17-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, doğma meydanda 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı qısa danışıb:
“Gözəl oyun oldu. Hər iki tərəf qələbəyə layiq idi. Amma bu gün qələbə bizim qismətimizdə imiş”.
Hakimlərdən narazılığını dilə gətirən Quliyev ədalət təmsilçiləri tərəfindən komandasına qarşı haqsızlıqlar olduğunu bildirib:
“Hakimlərdən narazıyam. Tək mən yox, azarkeşlərimiz, futbol ictimaiyyəti, Premyer Liqaya baxan hər kəs bunu görür. Çempionatda ən çox qol vuran ikinci komandayıq. Amma nədənsə 11 metrlik cərimə zərbəsi ala bilmirik. Rəqibin cərimə meydançasında oynayırıq. Bizə qarşı haqsızlıqlar olur. Səbəbini mən də bilmirəm. Bəlkə hansısa qüvvələr əsəbimizi korlayıb ciddi bəyanat verməyimizi, futboldan çəkilməyimizi istəyir? Bəlkə bunu AFFA-ya qarşı “kozır” olaraq istifadə edəcəklər. Bilmirik hansı qüvvədir, hansı təşkilatlanmadır. Əlimdə fakt olmadan danışmağım doğru olmaz. Mən azarkeş olaraq deyirəm. Hər kəs oyunlarımızı görür”.
“Sizcə, bu, qərəzdir, yoxsa hakim səhvləri?” sualını Quliyev belə cavablandırıb: “Ümid edirəm ki, hakim səhvləridir. Amma periodikdir. Bir oyun səhvlər olur, bir oyun olmur, sonra yenidən olur. Artıq bu düstura öyrəşmişik”.
Tovuz klubunun rəhbəri buna görə hətta Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşdüyünü vurğulayıb: “Onunla görüşmüşük. Amma bunu mətbuata elan etməyimizə ehtiyac yox idi. Görüşdən razı qalmadım. PFL əməkdaşları ağır qəzaya düşüb. Onlara Allahdan şəfa diləyirəm. Ona görə də hazırda bu haqda danışmaq düzgün olmaz. Vacib olan insan sağlığıdır”.
Ehtiram Quliyev eyni zamanda AFFA prezidenti postuna növbəti seçkilərlə bağlı danışıb. O, AFFA prezidentliyinə namizəd olmayacağını açıqlayıb. O, əsla belə bir fikrinin olmadığını deyib:
“Namizədliyim müzakirə mövzusu ola bilməz. Buna vaxtımız yoxdur, “Turan Tovuz”a sevgimizi heç bir şeyə dəyişmərik. AFFA prezidentliyi çox məsuliyyətli işdir, o yükün altına girməyə hazır deyilik. Hazırkı prezident Rövnəq Abdullayev namizədliyini irəli sürərsə, onu dəstəkləyəcəyik. Namizəd olmazsa, gənc kadrlardan, futbolumuza layiq olacaq, ziyan verməyəcək digər namizədləri müzakirə edib, birini dəstəkləyəcəyik”.


