Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün 14-cü turu çərçivəsində baş tutan “Port MTİ” ilə matçın iştirakçısı olub.
“Buriram Yunayted” bu rəqiblə səfərdə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Halbuki, qarşılaşmada hesabı 10-cu dəqiqədə məhz qonaqlar açıblar.
Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu 52-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurub, 4 məhsuldar ötürmə etmiş Şeydayev bu dəfə fərqlənə bilməyib.
Cari mövsümdə ilk dəfə məğlub olan və hazırda 21 xala malik “Buriram Yunayted” 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 17 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.


