Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olub.
Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunmuş Avroliqanın pley-off mərhələsinin püşkatmasına Bakı vaxtı ilə saat 16:00-da start verilib.
Avroliqanın qrup mərhələsini birinci pillədə başa vurmuş komandalar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün pley-offun püşkatmasında iştirak etməyiblər. Həmin komandalar bunlardır:
Qrup qalibləri
Vest Hem (İngiltərə), Brayton (İngiltərə), Reyncers (Şotlandiya), Atalanta (İtaliya), Liverpul (İngiltərə), Vilyarreal (İspaniya), Slaviya (Praqa, Çexiya), Bayer (Almaniya).
Avroliqanın qrup mərhələsini ikinci pillədə başa vuran kollektivlər isə UEFA Çempionlar Liqasının qrup mərhələsini üçüncü yerdə bitirənlərlə pley-offda qarşılaşacaqlar. Ağdam klubu da Avroliqanın qrup mərhələsini ikinci bitirənlərdən biri kimi “səpələnmişlər” səbətində yer almışdı. “Köhlən atlar”ın potensial rəqibləri isə bu komandalar idi: “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor” (Donetsk, Ukrayna).
Püşk nəticəsində Azərbaycan çempionu Portuqaliya klubu “Braqa”ya rəqib olub. Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi bu rəqibi ilə fevralın 22-də Bakıda qarşılaşacaq.
Ümumiyyətlə, Avroliqanın qrup ikincilərinin hər biri pley-off mərhələsində cavab qarşılaşmasını doğma meydanda keçirəcəklər.
Avropa Liqası
Pley-off mərhələsi
Feyenoord (Niderland) – Roma (İtaliya)
Milan (İtaliya) – Renn (Fransa)
Lans (Fransa) – Frayburq (Almaniya)
Yanq Boyz (İsveçrə) – Sportinq (Portuqaliya)
Benfika (Portuqaliya) – Tuluza (Fransa)
Braqa (Portuqaliya) – Qarabağ (Azərbaycan)
Qalatasaray (Türkiyə) – Sparta (Praqa, Çexiya)
Şaxtyor (Donetsk, Ukrayna) – Olimpik (Marsel, Fransa)
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 15-də, cavab qarşılaşmaları isə ayın 22-də baş tutacaq. 1/8 final mərhələsinin ilk oyunları isə martın 7-də, cavab görüşləri həmin ayın 14-də keçiriləcək.


