Türkiyə çempionu “Qalatasaray”ın prezidenti Dursun Özbəkin səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub prezidentinin səhhətində qorxulu bir problem yoxdur: “Dursun Aydın Özbək dekabrın 18-də qarın ağrısı və halsızlıq şikayətləri ilə xəstəxanaya ambulator olaraq müraciət edib. Müayinə və qiymətləndirmə nəticələrində heç bir əhəmiyyətli tapıntı aşkar edilməyib. Qastroenterit diaqnozu ilə müalicə olunan Özbəkin müalicədən sonra xəstəxanadan çıxması planlaşdırılıb. İctimaiyyətə bildirmək istərdik ki, hazırda sağlamlıq vəziyyəti ilə bağlı narahat olacaq heç bir şey yoxdur. Prezidentimizin tezliklə sağalmasını arzu edirik”.
Xatırladaq ki, Dursun Özbək 2022-ci ilin yayından “Qalatasaray”ın prezidenti postunda çalışır. 74 yaşlı futbol funksioneri 2015-2018-ci illər aralığında da İstanbul təmsilçisinə rəhbərlik edib.
Nihad Əsədov


