Azərbaycan Kubokunda tarixi gün: Xankəndidə matç var!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Xankəndi şəhərində keçiriləcək. İşğaldan azad olunmuş bu şəhərdə nəhayət ki, tarixi futbol matçı baş tutacaq. Ağdamın “Qarabağ” komandası uzun illər sonra adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə oyuna çıxacaq.

Maraqlıdır ki, bu oyunda “Qarabağ”ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən Azərbaycan ordusunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası – Mərkəzi Ordu İdman Klubu (MOİK) olacaq.

Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Buna qədər son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən “Qarabağ” rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib.

2009 və 2010-cu illərdə isə “Qarabağ” Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın işğala məruz qalmayan Quzanlı qəsəbəsində keçirib.

Saat 14:00-da başlayacaq oyunu minlərlə tamaşaçının stadiondan canlı izləməsi gözlənilir. Artıq arenada bütün işlər tamamlanıb. Stadionda yeni oturacaqlar quraşdırılıb. Qapı arxasında tribunalardan birinin üzərində böyük hərflərlə “Qarabağ Azərbaycandır”, digərinə isə “Xankəndi” sözləri yazılıb. Bu matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.

Maraqlıdır ki, AFFA Hakimlər Komitəsi digər bütün oyunlara təyinatları açıqlasa da, “Qarabağ” – MOİK matçının təyinatları açıqlanmayıb. Bu üzdən Xankəndidəki tarixi qarşılaşmanın hansı hakimlər tərəfindən idarə olunacağı hələ bilinmir.

1/8 final mərhələsinin sonuncu qarşılaşması isə Bakıda “Neftçi” ilə “Qaradağ Lökbatan” arasında baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin altı iştirakçısı artıq məlumdur. “Sabah” “Kəpəz”i, “Sumqayıt” “Karvan”ı, “Araz-Naxçıvan” “İrəvan”ı, “Qəbələ” “İmişli”ni, “Səbail” “Şamaxı”nı, “Zirə” də “Turan Tovuz”u mübarizədən kənarlaşdırmaqla növbəti mərhələyə yüksəlib.

Azərbaycan Kuboku
1/8 final
18 dekabr

“Kəpəz” – “Sabah” 3:4
Qollar: Adama Niane, 36-pen; 45; 76 – Vensan Till, 14. Jesse Sekidika, 23. Emmanuel Apeh, 39.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Karvan” 3:1
Qollar: Kamran Əliyev, 55. Erik Sorqa, 82. Rövlan Muradov, 88 – İzzət Müştaqov, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena”, 17:00.

19 dekabr

“İrəvan” – “Araz-Naxçıvan” 2:8
Qollar: Vüsal Qənbərov, 16. Vüsal Əsgərov, 37 – Aksel Nqando, 24; 43; 45+4-pen. Orxan Əliyev, 25; 51. Miço Kuzmanoviç, 73. Elvis Maşike, 80; 83.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 13:00.

“İmişli” – “Qəbələ” 0:1
Qol: Mehrac Baxşalı, 90+3.
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu, 16:00.

20 dekabr

“Səbail” – “Şamaxı” 6:0
Qollar: Amil Yunanov, 23-pen; 45. Pedro Nuno, 50. Rüfət Abdullazadə, 56; 80. Adi Mehremiç, 90+2.
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 14:00.

“Zirə” – “Turan Tovuz” 2:1
Qollar: Filipe Paxtman, 82. Rüstəm Əhmədzadə, 88 – Otto Con, 4.
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

21 dekabr

“Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu, 14:00.

“Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: