Türkiyənin “Hatayspor” komandasının baş məşqçisi Volkan Dəmirəl postundan ayrıldığı barədə yayılmış xəbərlərə münasibət bildirib.
Arena.az xəbər verir ki, Türkiyə millisinin sabiq qapıçısı yerli mətbuata açıqlamasında vəzifəsində qalacağını açıqlayıb.
42 yaşlı mütəxəssis bu gün NTV-də yayımlanan “Empati” verilişində qonaq olub. O, proqramda karyerası, hədəfləri və zəlzələdən sonra Hatayda yaşadığı hadisələrdən danışıb:
“Çox uğurlu olmaq istəyirəm. Bunun asan olmadığını da bilirəm. Buna görə çox fikirləşmişəm, yatmadığım gecələr olub.
Son oyunda çox yorulduğumu hiss etdim. Bunu açıqca dilə gətirdim. Oyundan sonrakı psixologiya ilə bunun daha yaxşı ola biləcəyini düşünmüş ola bilərəm”.
Xatırladaq ki, dekabrın 25-də baş tutan “Beşiktaş”la ev oyunundakı 1:2 hesablı məğlubiyyətdən sonra Hatay təmsilçisinin çalışdırıcısı ayrılığa işarə vurmuşdu. Onu bu qərardan döndürən isə kluba, futbolçulara və şəhərə bağlılığı olub:
“Bu il kluba 18 oyunçu gətirdim. Onlar mənə güvənib gəldilər. Öz-özümə “bu qədər insan sənə güvənir, yarı yolda qoya bilməzsən” dedim. Atam artvinli, anam isə rizəlidir, amma mənim həmişə bir yanım hataylı olacaq”.
Xatırladaq ki, Volkan Dəmirəl 2022-ci ilin sentyabr ayından “Hatayspor”un baş məşqçisidir. O, bu komandanı indiyə qədər 36 oyuna çıxarıb. Komanda bu görüşlərdə 12 qələbə qazanıb, 11 heç-heçə edib və 13 məğlubiyyətə üzülüb. Hatay təmsilçisi Super Liqanın cari mövsümündə keçirdiyi 17 oyunda cəmi 4 qələbə qazanıb, 7 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb. Komanda 19 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Sonda onu da qeyd edək ki, “Hatayspor”da Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da çıxış edir. Volkan Dəmirəlin əsas qol ümidlərindən olan forvard müqavilə ilə İsveçrənin “Qrashopper” klubuna məxsusdur. O, Türkiyə klubunda icarə əsasında çıxış edir.
Bahar Rüstəmzadə


