“Qarabağ” sabah yeni ilin ilk məşqinə çıxacaq

Azərbaycan Premyer Liqasında qış fasiləsinə zirvədə yollanmış “Qarabağ” sabah mövsümün ikinci yarısının hazırlığına start verəcək.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 18-ci turunun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılan komanda Bakıda bir araya gələcək.

Ağdam təmsilçisinin qış təlim-məşq toplanışı paytaxt Bakıda baş tutacaq. Hazırlıq çərçivəsində bir yoxlama oyunu keçiriləcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda “Zirə” ilə görüşəcək. Bu matç yanvarın 15-də təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunları yanvarın 21-23-də keçiriləcək. Ağdamlılar 2024-cü ildəki ilk rəsmi matçında “Araz-Naxçıvan”ı qəbul edəcəklər.

“Qarabağ” mövsümün geridə qalmış hissəsində Premyer Liqa çərçivəsində 18 oyuna 13 qələbə qazanıb, 2 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb. Ağdam təmsilçisi hazırda 41 xalla zirvədə qərarlaşıb.

Sonda onu da xatırladaq ki, hazırda Premyer Liqa təmsilçilərimizdən cəmi ikisi mövsümün qalan hissəsinin hazırlığına başlamayıb ki, onlardan da digəri “Araz-Naxçıvan”dır. Muxtar Respublika təmsilçisi də Ağdam klubu kimi hazırlığa sabahdan etibarən start verəcək.

“Səbail”, “Zirə”, “Sumqayıt” və “Turan Tovuz” hazırlığa yanvarın 3-dən, “Kəpəz”, “Neftçi”, “Qəbələ” və “Sabah” isə bu gündən start veriblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: