Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün qış toplanışı çərçivəsində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama oyunu keçirib.
“Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda baş tutan bu görüş 30 dəqiqəlik üç hissədən ibarət olub. Xorvatiya çempionu yekunda 1:0 hesablı qələbəyə sevinib. Yeganə qolu 33-cü dəqiqədə Sandro Kulenoviç vurub.
Mahir isə ikinci yarım hissədə meydanda olub. Lakin qarşılaşma onun üçün uğursuz alınıb. Belə ki, azərbaycanlı futbolçu ikinci hissənin sonlarında ağır zədə aldığı üçün meydanı vaxtından öncə tərk etməli olub. Mahirin zədəsinin ciddiliyi tibbi müayinədən sonra bilinəcək.
Qarşılaşmadan sonra klubun rəsmi saytına açıqlama verən “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç də Mahir Emrelinin zədəsindən danışıb: “Oyundan məmnunam, xüsusən ilk 60 dəqiqədən. Biz bacardıq. Son yarım saatda gənclərə şans verdik. Futbolçular çox çalışırlar, hamı özünü sübut etmək istəyir, onlar “Dinamo”nun gələcəyidir. Mahir Emrelinin zədələnməsini çıxmaq şərtilə, mən hər şeydən razıyam. Onun durumu ilk baxışdan o qədər də yaxşı görünmür”.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.
Son Xorvatiya çempionu olan “Dinamo” ölkə çempionatında qış fasiləsinə 34 xalla 10 iştirakçı arasında 3-cü pillədə yollanıb. Komandanın ehtiyatda təxirə salınmış 2 oyunu da var.







