Vitali Borisov: “Bu boşluqları doldurmalıyıq”

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov mövsümün qalan hissəsinə hazırlıq planlarından söz açıb.

Arena.az xəbər verir ki, Yüksək Liqada qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan “Araz-Naxçıvan” ən yaxın izləyicisini cəmi 2 xal qabaqlayır. Keçirdiyi 10 oyunun 8-də qələbə qazanmış “qırmızı-ağlar” digər iki oyunun birində yenilib, birində isə xalları yarı bölüb. Bəs son çempion qış fasiləsindən necə yararlanacaq, hansı mövqeləri gücləndirəcək?

Baş məşqçi kimi cari mövsümdə debüt edən Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bu suallara belə aydınlıq gətirib:

“Yanvarın 12-də hazırlığa başlayacağıq. 2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik. Yanvarın 15-dən isə fiziki yükləmələr başlayacaq. Fiziki planda çalışmalarla paralel taktiki məşqlərə də yer ayıracağıq. Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq.

Heyətlə bağlı da dəyişikliklər olacaq. Erik Dannilo, Xətai Bağırov və İsa Atayev komandadan ayrılıb. Onlara karyeralarında uğurlar arzulayırıq. Biz də bu boşluqları doldurmalıyıq. 3-4 futzalçı ilə danışığımız olub, onların yolunu gözləyirik. “Stolb” mövqeyinə mütləq transfer edəcəyik. Digər transferlərimiz də hücumameyilli oyunçular olacaq. Çünki müdafiə xətti ilə bağlı çətinliyimiz yoxdur. Çalışırıq ki, transferlər komandanın toplanışına qədər yekunlaşsın”.

Xatırladaq ki, Vitali Borisov həm də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisidir. O, hər iki komandada braziliyalı Joze Alesio da Silvanın əvəzində baş məşqçi təyin edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: