İngiltərə Premyer Liqasının adı açıqlanmayan oyunçusu irqçi təhqirlərə yol verdiyi iddialarla bağlı polisə könüllü olaraq müsahibə verib.
Arena.az bu barədə “The Daily Mail” nəşrinə istinadən məlumat verir.
Xatırladaq ki, “qəhrəman”ın kimliyi istintaq maraqları çərçivəsində məxfi saxlanılır.
Bildirilir ki, futbolçunun sərxoş halında əxlaqsızcasına söydüyü və irqi zəmində təhqir etdiyi 50 yaşlı konsyerj seneqal-qambiyaəsillidir. İddialara görə, Premyer Liqa oyunçusu ötən il dekabrın 10-da səhər saatlarında sərxoş halda evə qayıdıb və binanın işçisini təhqir edərək, mənzilinin açarlarını tələb edib.
Konsyercin sözlərinə görə, o, futbolçunun kim olduğunu bilməyib. Daha sonra zərərçəkmiş “qəhrəmanımız”ın kimliyini dəqiqləşdirib və iddialarını yerli polisə bildirib. Həmçinin şikayət futbolçunun klubuna ünvanlanıb.
Hazırda polis araşdırmalarını davam etdirir. Vurğulanır ki, təqsirkarın könüllü olaraq müraciəti yüngülləşdirici məqam kimi qəbul edilə bilər, amma bu “lotunun” cəzalanacağı qaçılmazdır.


