İspaniya nəhəngi “Real”ın türk hücumameylli yarımmüdafiəçisi Arda Gülər “Kral klubu”nun heyətində debütdən danışıb.
Arena.az “Madrid Zone” dərgisinə istindən, Gülərin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Çox yaxşı hisslər yaşadım, çünki “Real” mənim uşaqlıq arzum idi, bunu çoxdan gözləyirdim və xəyalım gerçəkləşdiyi üçün çox şadam.
Ançelotti məşq zamanı və məşqdən sonra həmişə mənimlə maraqlanır, o da mənə çox güvən verir və mən səylərimlə bu inamı qaytarmaq üçün əlimdən gələni edirəm”, deyə Gülər bildirib.
Xatırladaq ki, Gülər “Real”ın İspaniya Kral Kubokunun 1/16 final mərhələsində “Arandina”ya qarşı səfərdə 3:1 qalib gəldiyi oyunda əsas heyətdə meydana çıxıb və 59-cu dəqiqədə uruqvaylı mərkəz müdafiəçisi Federiko Valverde ilə əvəzlənib.
Arda Gülər 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro müqabilində “Real”a keçib. Arda “kral klubu”nun yay təlim-məşq toplanışında ağır zədə almışdı. Ardınca sol bud əzələsini zədələmiş türk yarımmüdafiəçi bu səbəbdən xeyli müddət “Real”ın heyətində debüt edə bilməyib. Gülərin “Real”la müqaviləsi 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.
Vurğulayaq ki, “Barselona”nın hədəfində olan Gülər, son anda “kral klubu”nun leyinə seçim edərək, madridlilərlə müqavilə bağlayıb.
Arda Türkiyənin “Gənclərbirliyi” klubunun yetirməsidir. Gülər 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib. Gülər “Fənərbaxça”nın əsas komandasının heyətində 51 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Arda “Fənərbaxça” ilə 2022/2023 mövsümü Türkiyə Kubokunun qalibi olub.
Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 4 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı türk hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


