“Şamaxı” Şahmuradov və Qasımovla da vidalaşdı

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Şamaxı” yanvarın 10-dan etibarən mövsümün ikinci yarısının hazırlığına start verib.

Arena.az xəbər verir ki, Şamaxıda hazırlıq keçən əyalət təmsilçisi heyətlə də bağlı islahatları davam etdirir.

Belə ki, sözügedən klub bu gün daha 2 futbolçu ilə yollarını ayırıb. Hücumçular Emil Qasımov və Rövşən Şahmuradovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçuya təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Xatırladaq ki, Şamaxının eyniadlı komandası daha öncə Elçin Rəhimli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vermişdi.

Ramiz Məmmədovun çalışdırdığı kollektiv sabah yanvarın 14-də “Araz Saatlı” ilə yoxlama oyunu keçirəcək. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək bu oyuna saat 14:00-da start veriləcək.

“Şamaxı” Birinci Liqanın 2023/2024 mövsümünün geridə qalmış ilk dövrəsində 12 oyun keçirib, 6 qələbə qazanıb, 4 heç-heçə edib və 2 məğlubiyyətə üzülüb. Komanda hazırda 22 xalla 2-ci pillədə qərarlaşıb və lider “Qaradağ Lökbatan”dan 5 xal geri qalır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: