Amir Hacıahmetoviç üçün mövsüm erkən bitdi

Futbol üzrə Bosniya və Hersoqovina millisinin və “Beşiktaş”ın yarımmüdafiəçisi Amir Hacıahmetoviç uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı futbolçu Türkiyə Super Liqasının 20-ci turu çərçivəsində baş tutan “Fatih Karagümrük”lə ev oyununda zədələnib.

O, bu matçın 15-ci dəqiqəsində sol dizindən aldığı zədə səbəbindən meydanı erkən tərk etmək məcburiyyətində qalıb. Bu gün tibbi müayinələrdən keçən futbolçunun sol diz bağlarında zədələr aşkarlanıb. Futbolçunun durumu ilə bağlı qarşıdakı günlərdə qərar veriləcəyi diqqətə çatdırılıb.

Türkiyə mətbuatının yazdığına görə, durumu ciddi olan bosniyalı futbolçu üçün bu mövsüm erkən başa çatıb. Onun dəqiq bərpa müddəti daha sonra bəlli olacaq.

Xatırladaq ki, Amir Hacıahmetoviç “Beşiktaş”a 2023-cü ilin fevral ayında “Konyaspor”dan gəlib. O, bu mövsüm Super Liqa təmsilçisinin heyətində 30 oyuna çıxıb, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Bosniyalı yarımmüdafiəçinin “Beşiktaş”dakı ümumi karyerası 42 oyun, 1 qol və 8 məhsuldar ötürmədən ibarətdir. Amirin İstanbul klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Hacıahmetoviç daha öncə “Konyaspor”da və yetirməsi olduğu “Jelezniçar”ın formasını geyinib. Futbolçu Bosniya və Herseqovina yığmasında da 30 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: