Turan Manafov ikinci dəfə qalib oldu – Video

“Araz-Naxçıvan”ın sol cinah müdafiəçisi Turan Manafov Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsinin qalibi olub.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Manafov Premyer Liqa çərçivəsində dekabr ayının qalibi adını qazanıb. Onun 17-ci turda “Sabah”a cərimə zərbəsindən birbaşa vurduğu qol 71 səslə Peşəkar Futbol Liqasının “Facebook” səhifəsinin izləyicilərinin rəğbətini qazanıb.

Maraqlıdır ki, bu, Turan Manafovun cari mövsümdə ikinci belə uğurudur. O, avqust ayında keçirilən səsvermənin də qalibi olmuşdu. Müdafiəçinin “Sumqayıt”la matçda cərimə zərbəsindən vurduğu qol “Ayın qolu” seçilmişdi.

Ümumiyyətlə, PFL-in bu layihəsi başlayandan bəri “Araz-Naxçıvan”ın futbolçuları üçüncü dəfədir qalib olurlar. Sentyabr ayında da Naxçıvan təmsilçisinin digər futbolçusu Məhəmməd Kadiri “Qəbələ” ilə səfər oyununda vurduğu qolla bu nominasiyada qalib olmuşdu.

Noyabr ayında isə bu mükafatın qalibi “Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov olmuşdu. O, 12-ci tur çərçivəsində doğma meydanda “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldikləri oyunda baxımlı qolla hesabı açmışdı.

Xatırladaq ki, Turan Manafov bu mövsümün əvvəlindən, 2023-cü ilin iyul ayından “Araz-Naxçıvan”ın uğurları üçün çalışır. 25 yaşlı futbolçu Naxçıvan təmsilçisinin heyətində 19 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Səbail”, “Qarabağ”, “Sumqayıt” və “Olimpiakos” (Volos) kimi klublarda da forma geyinib.

Manafov Azərbaycanın U-21 yığmasında 8 oyun keçirsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: