Aleksey İsayev “Sabah”la vidalaşdı: “Mənim üçün şərəf idi”

Qış fasiləsində “Qarabağ”a transfer olunan Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev sabiq komandası “Sabah”la vidalaşıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə şəxsi “İnstagram” hesabında paylaşım edib.

O, paytaxt təmsilçisində çalışan hər bir əməkdaşa minnətdar olduğunu bildirib:

“İndi hiss etdiklərimi söyləməyin vaxtıdır. Təəssüf ki, bir az gec oldu. Sadəcə, hər şeyi sözlə necə ifadə edəcəyimi bilmədim. “Sabah”a keçidimdə əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Allah hamınızı qorusun. Bu 4 il bir anda ötüb keçdi. Həm sevincli, həm də kədərli anlar oldu. Biz bunların hamısını birlikdə keçdik. Meydandakı hər bir komanda yoldaşıma da minnətdaram. Sizinlə oynamaq mənim üçün şərəf idi. Murad Musayevin rəhbərlik etdiyi məşqçilər korpusuna xüsusi təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, “Qarabağ”ın yeni transferi 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddət ərzində “bayquşlar”ın heyətində 108 oyun keçirib, 12 qola imza atıb, 23 məhsuldar ötürmə müəllifi olub.

İsayev “Sabah”dan öncə Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib. Yarımmüdafiəçi sözügedən komandada 43 oyun keçirib, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Aleksey Azərbaycana gələnə qədər Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “Zenit-2” (2016-18) komandalarında da çıxış edib. O, 2021-ci ilin mart ayında debüt etdiyi Azərbaycan millisində 19 oyuna çıxıb, 1 qola imza atıb, 2 məhsuldar ötürmə verib.

İsayev “Qarabağ”la 3,5 illik müqaviləyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: