Ronaldo FIFA-ya eyham vurdu: “Necə işlədiklərini bilirəm”

“Əl-Nəsr”in portuqal ulduzu, iddiaları ilə gənclərə meydan oxuyan veteran hücumçu Kristiano Ronaldo maraqlı açıqlaması ilə diqqət çəkib.

Arena.az “Record” nəşrinə istinadən məlumat verir ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının zəif hesab edilməsinin onu qayğılandırıb-qayğılandırmamasını, bu həfətə FIFA tərəfindən 2023-cü ilin ən yaxşı oyunçusu mükafatına layiq görülmüş, “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messini misal çəkərək, cavablayıb:

“Mən buna öyrəşmişəm və bu təşkilatların necə işlədiyini bilirəm. Düzünü desəm, FIFA-nın “The Best” mərasiminə baxmamışam”, deyə portuqal hücumçu bildirib.

Xatırladaq ki, 2023-cü ildə bu mükafatı qazanmaqla Messi karyerası boyu müvafiq mükafatların sayına görə Ronaldonu ötüb. Argentinalı hücumçu daha əvvəl FIFA tərəfindən 2019-cu və 2022-ci illərdə ən yaxşı futbolçu mükafatına layiq görülüb. Öz növbəsində Kristiano Ronaldo 2016-cı və 2017-ci illərdə bu mükafatı qazanıb.

Vurğulayaq ki, FIFA-nın mükafatı, daha parlaq mövsüm keçirmiş və daha ciddi uğurlarda böyük pay sahibi olmuş, “Mançester Siti”nin norveçli qolçusu Erlinq Halandın varlığında məhz Messiyə təqdim etməsi, futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Mətbuat və peşəkar təhlilçilər hesab edirlər ki, Halandla eyni miqdarda xal toplamış Messinin daha çox azarkeş dəstəyi kimi qeyri-ciddi amil hesabına xallar qazanması, həmçinin futbol aləmi təmsilçilərinin (kapitanlar və baş məşqçilər) kortəbii səsverməsi ilə uğur qazanması amili, peşəkar idman jurnalistlərinin ciddi təhlili ilə müqayisədə əhəmiyyətsizdir. Futbol ictimaiyyətinin böyük bir cəbhəsi FIFA-nı müvafiq mükafatları dəyərdən salmaqda təqsirləndirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: