UEFA fuzal üzrə Azərbaycan millisinə texniki məğlubiyyət verdi

UEFA futzal üzrə dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Rumıniya matçının nəticəsini ləğv edib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrında keçirilmiş bu oyunun nəticəsinin ləğvi barədə qərar qəbul edib. Komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib. Buna qeyd olunan oyun zamanı yığmamızın UEFA İntizam Qaydasını pozması səbəb göstərilib.

Komandamızın yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv edib. Hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) verilib.

Xatırladaq ki, Azərbaycan – Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.

Bu qərarlardan sonra Azərbaycan millisi 4 xalla sonuncu, Rumıniya yığması isə qrup üçüncüsü olub. Niderland yığması 9 xalla 2-ci yeri tutubsa, maksimum nəticə göstərən Qazaxıstan millisi 18 xalla birinci yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: