İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialesin başı etdiyi qələtə görə hələ çox ağrıya bilər.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Luis Rubiales İspaniyanın qadınlardan ibarət yığmasının yarımmüdafiəçisi Cennifer Ermosonu dodaqlarından öpdüyünə görə bu məsələdə məhkəməyə çəkilə bilər.
Mənbənin məlumatına görə, müvafiq qərarı İspaniya Milli Məhkəməsinin hakimi Fransisko de Xorxe çıxarıb:
“Mümkün şəhvani məqsəd, fövqəladə idman qələbəsi nəticəsində yaşanan eyforiya və həyəcan vəziyyəti – bütün bunlar məhkəmədə qiymətləndirilməlidir. Öpüş “qarşılıqlı razılıqla deyildi və birtərəfli və gözlənilməz təşəbbüs idi”, deyə De Xorxe müvafiq məsələdə ədaləti məhkəmənin tənzimləməli olduğunu başa düşməyə əsas verib.
İspaniyalı hakim həmçinin təklif edib ki, İspaniyanın kişilərdən ibarət yığma komandasının idman direktoru Albert Luke, qadınlardan ibarət komandanın keçmiş baş məşqçisi Xorxe Vilda və federasiyanın marketinq idarəçisi Ruben Rivera Ermosoya təzyiq göstərdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilsinlər.
Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət komandası 2023-cü il FIFA Dünya Kubokunun qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi mərasimi zamanı Luis Rubiales Cennifer Ermosonun dodaqlarından busə alıb. Bu hadisədən sonra Rubiales ictimai qınağa məruz qalıb. Üstəlik, bu hadisə Rubialesin İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən istefası ilə nəticələnib. FIFA isə onun 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verib.


