Rəşad Sadıqov: “Kubokla Premyer Liqa arasında seçim etmirik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, səfərdə 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Hər iki komanda qələbə qazanmaq istəyirdi. Birinci hissə biz daha fəal idik, rəqibə daha çox pressinq tətbiq edirdik. Bir neçə qol epizodumuz olsa da, fərqlənə bilmədik. İkinci yarıya da yaxşı başladıq, qollar vurduq. Ondan sonra rəqib hücuma atıldı. Yetərincə boşluqlar var idi. İstifadə edib, daha böyük hesabla qalib gəlmək və cavab oyununa rahat çıxmaq istəyirdik. Səfər qolunun üstünlüyü yoxdur. Rəqibin qolu intriqanı ikinci oyuna daşıdı. Onlar da fərqlənə bilərdilər. Bu gün birinci hissəni oynadıq, ayın 8-də ikinci hissə olacaq. Kiçik üstünlüyümz var. Qarşımızda “Səbail” kimi rəqib, Şahin Diniyev kimi təcrübəli mütəxəssis var. İkinci oyuna daha məsuliyyətlə hazırlaşacağıq ki, mərəhləni biz adlayaq.

Kubokla çempionat arasında seçim etmirik. Hər ikisi bizim üçün çox önəmlidir. Bir-birinə bağlıdır. Bilirik ki, “Neftçi”, “Sabah” və “Qarabağ” finala kimi rəqibimiz olmayacaq. Onlar çempionatın da favoritləridir. Belə olan halda, kubokda bizim tərəfdən çempionatda üçlükdə olmayan komanda finala çıxa bilər. Bu da Avropa Konfrans Liqasına gedən yolu təhlükəyə salır. “Zirə”də ilk ilimdə 4-cü yeri tutduq, amma “Keşlə” “Sumqayıt”ı kubokda uddu və biz avrokuboklara gedə bilmədik. Bu il finala çıxmağımız, çempionatdan da Konfrans Liqasına getmək üçün çox önəmlidir”.

Rəşad Sadıqov bu dəfə hakimlikdən razı qaldığını söyləyib:

“Heç bir epizoda baxmamışam. Daha çox mübahisəli epizod olanda, baxıb fikir bildirirəm. Nəsə deyə bilmirəm. Hakimlik yaxşı səviyyədə idi. Epizodlara baxandan sonra bəlkə fikrimi dəyişəcəyəm. Bizim zərərimizə qərar olmayıb. Xırda epizodlardakı emosiyalar dünya futbolunda da var. Siz də məşqçi olsanız, eyni reaksiyanı verəcəksiniz. Ciddi, nəticəyə təsir edən səhv olanda, onu qabarıq şəkildə müzakirə edirik. Amma nəticəyə təsir etməyən qərar olanda, onlar haqda danışmırıq”.

“Bu gün bəzi səhvlər etdim” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Dramatik oyun oldu. Kuboka layiq futbol getdi. Hər iki komanda qələbəyə layiq idi. Optimal heyəti tapmaq üçün neçə oyundur çətinlik çəkirdik. Bu gün optimal heyəti düzəldə bildik. Hələ heç nə bitməyib. Birinci hissə qutardı, ikinci yarı Zirədə olacaq. Komanda ikinci hissədə yaxşı oynadı. İndiyə qədər hücumda bu qədər fəal oynamırdıq. Sabit heyətin tapılmaması oyunumuza təsir edirdi. Fasilədən sonra hücumda idik. Bəsit qollar buraxırıq, bu, məni narahat edir. Amma gələcəyə nikbin baxmaq üçün nəsə var. Komanda düz yoldadır. Daha yaxşı olacağıq. Çox da şanssız deyilik. Şansımız daha çoxdur. İkinci yarıdakı oyunumuz cavab matçına nikbin baxmağa imkan verir.

Bu gün bəzi səhvlər etdim. Amma bu, mənim üçün vacib idi. Gələcək oyunlara fokuslanmaq üçün lazım idi. Amma harada səhv etdiyimi deməyəcəyəm. Bu oyun, səhv bizə çox şey verəcək. Oyunumuzu, heyətimizi tapmaq üçün bizə vacib idi. Limit var. Masike və Ketanı meydanda görməliydim. İlk dəqiqələrdən onların performansını görməliydim. Anas Najahı sağ cinaha atdıq. Düz deyildi. Amma etməliydik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: