Ervin Perkon: “Üç xal bizim haqqımız idi”

“İmişli”nin məşqçisi Ervin Perkon Azərbaycan Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müvəqqəti baş məşqçi təyin edilmiş Ervin Perkon komandasının qələbəsinə dair bunları söyləyib:

“Göstərdikləri səyə və istəyə görə, futbolçularıma təşəkkür edirəm. Birinci hissədə çox möhtəşəm performans sərgilədilər. Bütün boşluqları bağlaya bildilər. İkinci hissədə o qədər də yaxşı deyildik. Çünki enerjimiz bitmişdi. Amma yenə də üç xal bizim haqqımız idi. Oyunçulardan bəlkə də çox şey tələb etmişdik. Amma onlar bunu çox yaxşı yerinə yetirdilər. Komandanın meydandakı düzülüşünü də dəyişmişdik. Bunlar daha çox ön plana çıxdı”.

Ervin Perkon baş məşqçi olmağa hazır olub-olmadığına dair sualı da cavablandırıb:

“Hələ ki, çox da uzağı düşünmürəm. Son hadisələrdən sonra mənə məlumat verildi ki, baş məşqçiyəm. Yəni ki, bu həftəlik. Əlimdən gələni etdim, bu oyun üçün hazırlaşdıq. Amma ümumi olaraq siz bu sualı klub rəhbərliyinə ünvanlamalısınız. Burada olduğum müddətdə əlimdən gələni edəcəyəm. Rəhbərliklə bu haqda danışmamışam. Sadəcə, bizi qələbə münasibətilə təbrik etdilər”.

Aleksandr Starkov mənim müəllimim olub. Mən PRO lisenziyasına hazırlaşanda, hər zaman yanındaydı, mənə məsləhətlər verirdi. Davamlı olaraq görüşürdük. Azərbaycana gəlməmişdən əvvəl də onunla danışdım və məsləhətləşdim. Bildirdi ki, get, yaxşı təcrübə olacaq. Hələ də onunla əlaqədəyik”.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“İmişli” layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik, elə standart vəziyyətlərdən də qol buraxdıq. Hansı ki, bu məqamlar üzərində işləmişdik. Amma qol buraxdıq. Əldə etdiyimiz azsaylı qol imkanlardan istifadə edə bilmədik.

Standart vəziyyətlər üzərində kifayət qədər çox işləyirik. Amma təəssüf ki, hər dəfə qol vurmaq alınmır. Rəqib isə bundan istifadə etdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: