Kurro Sançes “Qarabağ”a gəlir? – Klub rəsmisi açıqladı

“Qarabağ”ın İspaniyanın “Burxos” klubunun hücumameyilli yarımmüdafiəçisi Kurro Sançes ilə maraqlandığı barədə xəbərlər yayılıb.

İddiaya görə, ispan futbolçu bu qış fasiləsində Azərbaycan çempionuna keçəcək.

Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq. Ağdam təmsilçisinin sözçüsünün Arena.az-a açıqlaması belə oldu: “Bu xəbərin rəsmi və ya qeyri-rəsmi heç bir əsası yoxdur”.

Xatırladaq ki, Kurro Sançes 2022-ci ilin sentyabrından “Burxos”da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi Sequndada çıxış edən bu klubun heyətində 62 oyuna 19 qol vurub, 6 assist edib. O, daha öncə “Almeriya”, “Ponferradina”, “Numansiya” və “Sevilya” kimi klublarda da forma geyinib. İspan futbolçu ölkəsinin U-16, U-17, U-18 və U-19 yığmalarında da oynayıb.

Nahid Məmmədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: