Bundesliqanın 20-ci turu çərçivəsində “Darmştadt”a qarşı səfər oyunu (0:2) Leverkuzen “Bayer”i üçün əlamətdar olub.
Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, bu oyunda Leverkuzen təmsiilçisi məğlubiyyətsiz oyunlar silsiləsi üzrə klub rekordunu müəyyənləşdirib.
Belə ki, sözügedən komanda 29 oyundur məğlub olmur. Xabi Alonsonun yetirmələri son 29 oyunda 25 qələbə qazanıblar, 4 oyunda isə heç-heçə ediblər. İndi “əczaçılar” “Bayern”in mütləq rekordundan 3 oyun geri qalırlar.
Qarşıdakı iki ev oyununda “Bayer” Almaniya Kubokunun 1/4 finalında “Ştutqart”la, daha sonra isə Bundesliqa çərçivəsində “Bayern”lə qarşılaşacaq. Münhen komandasına qarşı oyun turun mərkəzi görüşü kimi əlamətdar olacaq.
Hazırda Leverkuzen təmsilçisi 52 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir. Almaniya nəhəngi “Bayern” isə 50 xalla “əczaçılar”ı təqib edir.


