UEFA Millətlər Liqası: Millinin rəqibləri müəyyənləşir

Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, püşkatma mərasiminə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Püşkatmada Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək. C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan millisinin potensial rəqibləri məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C Liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.

Yeni UEFA Millətlər Liqası 2024-cü ilin sentyabr ayında start götürəcək. 2024/2025 mövsümünün final mərhələsi 2025-ci ilin 4-8 iyununda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: