Davidson “Başakşəhər”də

Çinin “Vuhan Fri Tauns” klubunun braziliyalı sol cinah vingeri Davidson da Luis Pereyra bundan sonra “Başakşəhər”in formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni klubuna azad agent kimi qoşulmuş 32 yaşlı futbolçu “Başakşəhər”lə ilyarımlıq (2025-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. O, Super Liqa təmsilçisinin heyətində 11 nömrəli formanı geyinəcək.

“Santos” və “Fluminense”nin yetirməsi olan Davidson da Luis Pereyra peşəkar karyerasına “Sport Resife” klubunda başlayıb. O, “Porto-PE”, “Qalisiya”, “Fortaleza”, “Yakobina”, “Santa Rita”, “Sportinq” (Kovilya), “Çaves”, “Vitoriya” (Gimaraynş) kimi klublarda da forma geyinib. Braziliyalı futbolçu 2020-2022-ci illər aralığında Türkiyənin “Alanyaspor” klubunun da uğurları üçün çalışıb. Təcrübəli vinger məhz Alanya klubundan keçdiyi “Vuhan Fri Tauns”da 66 oyuna çıxıb, 26 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

“Başakşəhər” mərkəz müdafiəçisi Edqar Migel İe ilə də yollarını ayırıb. 29 yaşlı futbolçu azad agent kimi komandanı tərk edib. O, hazırda azad agent kimi özünə yeni klub axtarır.

Edqar İe 2023-cü ilin yanvarında azad agent kimi “Başakşəhər”ə keçmişdi. O, bu komandanın heyətində cəmi 8 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Əslən Qvineya Bisaudan olan, Portuqaliya vətəndaşlığına da malik futbolçu karyerası ərzində “Barselona”, “Vilyarreal”, “Belenenseş”, “Lill”, “Nant”, “Feyenoord” kimi klublarda da forma geyinib. O, daha öncə Türkiyədə “Trabzonspor”un da uğurları üçün çalışıb. Edqar Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb, əsas millidə 1 oyun keçirib. 2023-cü ildən isə o, Qvineya Bisau yığmasına çağırılmağa başlayıb. Müdafiəçi sözügedən millidə 3 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: