Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında debüt matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 20-ci turu çərçivəsində baş tutan “Korona” ilə oyununun iştirakçısı olub.
LKS səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. 36 və 90+4-cü dəqiqələrdə qol buraxan Lodz təmsilçisi yalnız 45+6-cı dəqiqədə vurduğu qolla təsəlli tapıb.
Rahil bu oyuna start heyətində başlayıb və debüt matçında sonadək mübarizə aparıb.
Matçdan sonra LKS komandasının baş məşqçisi Pyotr Stokovets Rahilin debüt matçındakı çıxışına qiymət verib: “Fikrimcə, Rahil Məmmədov və Hüseyn Baliçin keyfiyyəti var və bu gün bunu göstərdilər. Meydanda fərqli kollektiv gördüm. Bu nəticəyə görə təəssüflənirəm. Komanda yaxşı işləyir. Bu qarşılaşmada ürəkli çıxış etdilər. Bizim üçün ağır məğlubiyyət idi. Çətindir, amma nəticə qazanmağa çalışacağıq və mübarizəni davam etdirəcəyik”.
Qeyd edək ki, LKS 19 matçdan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb. Lodz təmsilçisi 15-ci pillədəki “Korona”dan 11 xal geridədir.
Xatırladaq ki, Rahil Məmmədov Lodz təmsilçisi ilə bu ilin yanvar ayında 1,5 illik müqavilə imzalayıb. O, Polşa klubuna “Qarabağ”dan keçib. Məmmədov komandasının Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində baş tutan yoxlama oyunlarında da iştirak etmişdi.


