“Qarabağ”ın dayaq yarımmüdafiəçisi Julio Romao Avropa Liqasının pley-offunda “Braqa”ya qarşı keçirəcəkləri ilk oyundan danışıb.
Arena.az xəbər verir ki, braziliyalı futbolçu Portuqaliya mətbuatına müsahibəsində bunları söyləyib:
“Hər kəsi təəccübləndirmək üçün əla şansımız var. Bu rəqiblə matçlarda ciddi və güclü olmalıyıq. “Qarabağ” artıq bir neçə ildir əla çıxış edir. Nəhənglərin sırasında olmağımız bizdə işlərin yaxşı getdiyini göstərir. Daha böyük xəyallar da qura bilərik”.
Xatırladaq ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.
Julio Romao 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Braziliyalı dayaq yarımmüdafiəçisi Ağdam klubunun heyətində 74 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Portuqaliyada “Santa Klara”da da forma geyinib.


