“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:2 hesablı qələbəyə sevindikləri səfər oyunundan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“Futbolçularımı təbrik edirəm. Çox ciddi rəqibə qarşı oynadıq. “Braqa” sürətli futbolçuları olan komandadır. Futbolçularım çox yoruldular, əziyyət çəkdilər. Amma bu, hələ ilk hissədir. Bu cür komandalar belə turnirlərdə istənilən nəticəni öz xeyirlərinə dəyişə bilərlər. Ona görə də biz arxayınlaşmamalıyıq, cavab oyununda daha ciddi olmalıyıq. Vaxtımız olacaq. Matçı analiz etməli, daha məsuliyyətli olmalıyıq”.
Baş məşqçi görüşdən əvvəl “Braqa”nın favorit hesab olunduğu halda 4:2 hesablı qələbənin sensasiya yaradıb-yaratmaması barədə bunları söyləyib:
“Proqnozlara fikir vermirəm. Real baxsaq, bəlkə favorit hesab edənlərin fikri düzdür. Bu gün həm reytinqə, həm də komandanın çıxış etdiyi çempionata görə, bu fikirlər normaldır. Amma mən bildirmişdim ki, bizim də xeyli təcrübəmiz var. Həm Bakıda, həm səfərdə vacib görüşlərimiz olub. Futbolçularımızın təcrübəsi artıb. İnanırdıq. Əlbəttə, bəlkə də 4 qol vuracağımızı düşünmürdük, amma futbolçularımızdan tələbimiz odur ki, hər hücumda daha keyfiyyətli, diqqətli olsunlar”.
Qurbanov qazandıqları inamlı qələbəyə baxmayaraq, hər iki komandanın mərhələ adlamaq şanslarının bərabər olduğunu söyləyib:
“Hələ mərhələnin taleyi həll olunmayıb. Məncə, şanslar hələ də bərabərdir. Belə turnirlərdə çox geridönüşlər görmüşük. Bakıdakı oyunda daha diqqətli, soyuqqanlı olmalıyıq. Oyuna düzgün yanaşmalıyıq. Cütün taleyinin həll olunduğunu düşünməməliyik. Bu, futbolçulara əks-təsir göstərə bilər. Qarşımızdakı komanda “Braqa”dır. Onların çox güclü futbolçuları var. Matçın taleyi Bakıda həll olunacaq”.
“Ən çox narahat olduğum məqam budur”
Təcrübəli mütəxəssis gənc futbolçu Nəriman Axundzadənin oyunun sonlarında qol şansını əldən verməsinə və buna görə ağlamasına da münasibətini açıqlayıb:
“Nərimanla ayrılıqda danışmamışam. Paltardəyişmə otağına gələndə də onu görmədim, yəqin ki, gizlənirdi. Məsələyə bu cür yanaşırsa, deməli, çox böyük məsuliyyət dərk edir. Mən buna ancaq sevinirəm. Bəlkə də o qolu vursaydı, daha gec böyüyərdi. Məncə, indi daha çox böyüyəcək, öz üzərində işləyəcək. Mütləq onunla danışacağam. Hər şey pozitiv notlarla yekunlaşacaq”.
Qurban Qurbanov oyundan sonra komanda ilə dövrə vurarkən futbolçularına hansı sözləri dediyini açıqlamaq istəməyib: “Bəlkə Bakıdakı oyundan sonra bu barədə danışaram”.
“Qarabağ”ın çalışdırıcısı mətbuatda və sosial şəbəkələrdə bu qələbədən çox danışılmasının komandada eyforiya yaratmaması üçün futbolçularla söhbətlər edəcəyini vurğulayıb:
“Mənim ən çox narahat olduğum məqam budur. Çox istərdim ki, biz belə hadisələrə öyrəşək. Böyük klublar buna alışıblar. Onlar illərdir ki, belə uğurlar əldə edirlər. Yazılar onlara təsir etmir. Ola bilər ki, bizə təsir etsin. İlk dəfədir ki, pley-offda oynayırıq. Mərhələni keçsək, yenə ilk olacaq. Başa düşürəm, bu, istəkdən irəli gəlir. Hər bir halda ehtiyatlı olsaq, daha yaxşıdır. Qarşımızda çox ciddi rəqib var. Siz yazsanız da, mən futbolçulara daha çox vaxt ayıracağam ki, onlara təsir etməsin. Başa düşürəm, qələbədən danışmaq sizin də haqqınızdır, azarkeşlərin də haqqıdır. Fikirlər fərqlidir. Bu, normaldır. Qələbədən çox danışılsa belə, yenə də bu, bizə kömək edəcək. Futbolçular anlamalıdırlar ki, belə fikirlər tələb deyil. Əsas olan istək və arzudur. İstənilən halda oyuna psixoloji tərəfdən vaxt ayırmağımız vacib olacaq”.
“Bizim üçün çox ağır məğlubiyyətdir” – Artur Jorje
“Braqa”nın baş məşqçisi Artur Jorje də matçdan sonra fikirlərini paylaşıb. O, komandasının məğlubiyyətinə belə şərh verib:
“Bizim üçün çox ağır məğlubiyyətdir. Bu, istədiyimiz nəticə deyil. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətin olacaq. Üzərimizə böyük məsuliyyət düşür”.
Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb: “Onları başa düşürəm. Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. Daha çox çalışmalıyıq və iş görməliyik. Fanatlarımızın bizim yanımızda olmasını istəyirik”.
Xatırladaq ki, bu komandalar arasındakı cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


