Futbol üzrə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Braqa” oyununa bilet satışı davam edir.
Arena.az xəbər verir ki, artıq bu oyuna 26 500 bilet satılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sözügedən qarşılaşmanın biletləri fevralın 9-dan etibarən satışa çıxarılıb. Oyuna hələ 6 gün qaldığını nəzərə alsaq, qalan biletlərin də tezliklə satılıb qurtaracağını demək olar.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
– Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
– “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
– Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
– Heydər Əliyev sarayının kassaları;
– “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Xatırladaq ki, “Qarabağ” – “Braqa” oyunu fevralın 22-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək.
Azərbaycan və Portuqaliya təmsilçiləri arasındakı ilk qarşılaşma isə bu həftə – fevralın 15-də Braqada keçirilib. “Braqa”nın meydanında baş tutan oyun Ağdam təmsilçisinin möhtəşəm qələbəsi ilə başa çatıb – 4:2. Azərbaycan çempionuna qələbə gətirən qolları dubla imza atan Abdullah Zubir, eləcə də Marko Yankoviç və Olavio Junior vurublar. Portuqaliya klubunun heyətində isə Simon Banza və Joao Moutinyo fərqləniblər.


