“Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından danışıb.
Arena.az xəbər verir ki, 52 yaşlı mütəxəssis ötən gecə Portuqaliya çempionatının 22-ci turu çərçivəsində baş tutan “Farense” ilə ev oyunundan (2:1) sonrakı mətbuat konfransında “Qarabağ”la matçdan da söz açıb.
Artur Jorje doğma meydanda keçirilmiş ilk görüşdə qeydə alınan 2:4 hesablı məğlubiyyətə baxmayaraq, Azərbaycanda baş tutacaq cavab görüşündə sonadək mübarizə aparacaqlarını bəyan edib:
“Çempionatda “Farense” üzərində qələbə inam və motivasiyanı artırmaq üçün vacib idi. Artıq diqqətimizi “Qarabağ”la qarşılaşmaya yönəltmişik. Məqsədimiz mərhələ adlamaq olacaq. “Qarabağ”ı keçmək üçün son dəqiqəyə qədər mübarizə aparacağıq. İlk oyundakı məğlubiyyətin əvəzini çıxacağımıza inanırıq”.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ümumi hesabda qalib olan tərəf Avroliqanın 1/8 final mərhələsinə vəsiqə qazanacaq.


