Oliver Qlasner rəsmən “Kristal Pelas”da!

Avstriyalı mütəxəssis Oliver Qlasner İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas”ın yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu gün Roy Hocsonla yollarını ayırmış İngiltərə klubu təcrübəli mütəxəssisi 49 yaşlı Oliver Qlasnerlə əvəz edib. Avstriyadan olan məşqçi ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Oliver Qlasner son olaraq Almaniya Bundesliqasında mübarizə aparan “Ayntraxt”ın baş məşqçisi olub. O, 2021-ci ilin iyul ayından çalışdırdığı Frankfurt təmsilçisini 2023-cü ilin yayında tərk edib. Ötən ilin iyun ayından işsiz olan mütəxəssis Almaniya klubunu bütövlükdə 97 oyuna çıxarıb. “Ayntraxt” bu görüşlərdə 39 qələbə qazanıb, 29 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb.

49 yaşlı mütəxəssis ilk mövsümündə “Ayntraxt”ı Avropa Liqasının qalibi etmişdi. Nəticədə bu komanda ilk dəfə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanmışdı. Frankfurt klubu UEFA Çempionlar Liqasında 1/16 finala qədər irəliləmiş və İtaliyanın “Napoli” komandasına uduzmuşdu.

Qlasner “Ayntraxt”dan öncə Almaniyada “Volfsburq”a da rəhbərlik edib. Ölkəsində isə o, “Rid” və LASK komandalarını çalışdırıb.

Roy Hocson isə “Kristal Pelas”a 2023-cü ilin mart ayından rəhbərlik edirdi. Onun bu klubla müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcəkdi. Lakin həm komandanın 2023/2024 mövsümündəki uğursuz çıxışı, həm də Hocsonun səhhətindəki problemlərlə əlaqədar tərəflər vaxtından əvvəl vidalaşmağa üstünlük veriblər.

“Kristal Pelas” bu mövsüm Premyer Liqada 24 oyuna topladığı 24 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: