Arda Gülər “Real”da ilk qolunu vurdu, Ançelottidən tərif qazandı

La Liqanın 28-ci turunda “Selta”ya qarşı ev oyunu (4:0) “Real”ın hücumameylli yarımmüdafiəçisi Arda Gülər üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, türkiyəli futbolçu oyuna əlavə edilmiş təzminat vaxtında (90+4-cü dəqiqə) “Real”ın 4-cü qolunun müəllifi olub.

Bu, həm də Gülərin “Real”ın heyətində vurduğu ilk qoldur.

“Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti 19 yaşlı türk istedadın bu nailiyyəti haqda fikrini paylaşıb:

“Gülər çox az oynadı, üçcə dəqiqə. O, bir şey edə biləcəyinə əmin idi və çox istedadlı oyun nümayiş etdirdi. O, böyük istedaddır və biz, onu hər gün görənlər bilirik ki, o, son vaxtlar çox tərəqqi edib. O, daha fəal işləyir və keyfiyyətini göstərdi. Onun burada gələcəyi var və heç birimiz başqa cür düşünmürük”, deyə italyan mütəxəssis “Real”ın rəsmi sayıtna müsahibəsində bildirib.

“Ümidvaram ki, bu qoldan sonra işlər yaxşılaşacaq”

Gənc qəhrəmanımız isə öz nailiyyəti haqda bunları dilə gətirib:

“Real”da olduğum üçün çox xoşbəxtəm. Bu, dünyanın ən yaxşı klubudur və bütün çətinliklərə rəğmən, məndə bu çətin mərhələni keçəcək keyfiyyətlərə və xasiyyətə malik olduğuma inanıram. Mövsüm indiyə qədər mənim üçün o qədər də asan keçmədi, amma ümidvaram ki, bu qoldan sonra işlər yaxşılaşacaq”, – məşhur italyan jurnalist-insayder Fabrisio Romano Gülərdən sitat gətirir.

Arda Gülər “Gənclərbirliyi” klubunun yetirməsidir. Gülər 2014-2019-cu illərdə “Gənclərbirliyi”nin akademiyasında yetişib, daha sonra “Fənərbaxça”ya keçib.

Gənc yarımmüdafiəçi 2023-cü il iyulun 6-da “Fənərbaxça”dan 20 milyon avro müqabilində “Real”ın düşərgəsinə transfer edilib. Gülərin “Real”la müqaviləsi 2029-cu il iyun ayının sonuna qədər qüvvədədir.

Vurğulayaq ki, uzun müddət “Barselona”nın hədəfində olan Gülər, son anda “Real”ın lehinə seçim edərək, madridlilərlə müqavilə bağlayıb.

Xatırladaq ki, Arda “Real”ın yay təlim-məşq toplanışında ağır zədə almışdı. Ardınca sol bud əzələsini zədələmiş türk yarımmüdafiəçi bu səbəbdən xeyli müddət “Real”ın heyətində debüt edə bilməyib. Gənc türk istedadın İspaniya nəhənginin heyətində debütü cari ilin yanvar ayında baş tutub. Gülər “Real”ın İspaniya Kral Kubokunun 1/16 final mərhələsində “Arandina”ya qarşı səfərdə 3:1 qalib gəldiyi oyunda əsas heyətdə meydana çıxıb və 59-cu dəqiqədə uruqvaylı mərkəz müdafiəçisi Federiko Valverde ilə əvəzlənib.

Gülər cari mövsümdə “qaymaqlılar”ın heyətində 6 oyuna çıxıb, məlum olduğu kimi, 1 qol vurub.

Arda Gülərin qənimətlər muzeyində “Fənərbaxça” ilə 2022/2023 mövsümü Türkiyə Kuboku, “Real”la 2022/2023 mövsümü İspaniya Super Kuboku var.

Arda Gülər 2022-ci ilin noyabrında debüt etdiyi Türkiyə yığmasının heyətində 4 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı türk futbolçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: