Aslan Kərimov: “Qarabağ”ın səfərdə qol imkanları yüz faiz olacaq”

“Qarabağ”ın sabiq kapitanı Aslan Kərimov Ağdam klubunun Avropa Liqasının 1/8 finalında “Bayer”ə qarşı keçirəcəyi cavab matçından danışıb.

Arena.az-a açıqlama verən futbol mütəxəssisi Azərbaycan çempionunun Almaniyada baş tutacaq oyunda şanslarını belə dəyərləndirib:

“Səfər matçında da oyun Bakıdakı kimi alınacaq. Rəqibin hansı heyətlə meydana çıxacağı maraq doğurur. Əsas heyətlə mübarizə aparsalar, bizim üçün çətin olacaq. Bakıda iki qol vurmuşuqsa, orda da qol vurmaq şansımız olacaq. Bəlkə də daha çox ola bilər. Çünki Leverkuzen təmsilçi evdə hücum futbolu oynayır. “Bayer”in müdafiə xəttinin ləng olduğunu nəzərə alsaq, qol vurmaq şansımızın olacağını deyə bilərəm. Yəni qol imkanımız yüz faiz olacaq. Sadəcə, rəqibin hücum xəttinin qarşını almaq çətin çətin olacaq. Məncə, rəqibin hücum xəttini zərərsizləşdirə bilsək, oyunumuz yaxşı alınacaq. Kağız üzərində şanslar 55-in 45-ə rəqibin xeyrinədir. Amma ümidsiz deyilik”.

Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasındakı ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Həmin oyunda qalib müəyyənləşməyib – 2:2.

Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi birbaşa 1/8 finala yüksəlmişdisə, Azərbaycan çempionu qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanmışdı.

Nahid Ustaclı

Xəbəri sosial şəbəkələrdə paylaş: