“Barselona”nın sabiq ispan yarımmüdafiəçisi, BƏƏ-nin “Emireyts”ində çıxış edən Andres İnyesta gələcəkdə “blauqaran”nı çalışdırmaq istəyir.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, İnyesta müvafiq xüsusda ona ünvanlanmış sualı müsbət cavablayıb:
“Mən “Barsa”nı çalışdırmaq istəyirəmmi? Gələcəkdə, bəli, amma bu, hələ çox uzaqdır. Hələ də oynamağa davam edirəm və hətta lisenziyam belə, yoxdur. Əvvəlcə onu almalısan, sonra baxarıq”, deyə İnyesta bildirib.
İnyesta həmçinin “Barselona”nın baş məşqçisi Xavinin cari mövsümün sonunda vəzifəsini tərk etmək qərarına münasibətinin bildirib:
“Mən onunla bir azarkeş və bir dost olaraq əzab çəkirəm, çünki onun “Barsa”nı çalışdırmaq istədiyini və kluba nə qədər əhəmiyyət verdiyini bilirəm. Xavi bu işə inanılmaz ehtiras gətirdi. Heç kim klubun yaxşı olmasını onun qədər istəmir. Aydın məsələdir ki, istefaya qərar veribsə, bu, yalnız “Barsa” naminədir”, deyə İnyesta vuğulayıb.
Andres həmçinin Kataloniya klubunun əzəli rəqibi “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottinin işini yüksək qiymətləndirib:
“Ançelotti haqqında deyiləcək çox şey yoxdur. Karyerası onun sözünü artıqlaması ilə deyir. Bir oyunçu və məşqçi kimi Karlo sadəcə inanılmazdır. “Real”ı iki dəfə çalışdırmaq və hər iki halda uğur qazanmaq imkanı əldə etmək asan deyil. Ancaq bu böyüklükdə bir kluba qayıtmaq və onu və oyunçularını belə nəticələr göstərməklə yenidən işləməyə sövq etmək – qürur duyulası bir ləyaqət və böyüklükdür”, deyə İnyesta bildirib.
Xatırladaq ki, 39 yaşlı İnyesta 1996-2018-ci illərdə “Barselona”da çıxış edib. İnyesta “blauqrana”nın əsas komandasında bütün yarışlarda 674 oyuna çıxıb, 57 qol vurub və 136 məhsuldar ötürmə verib.
Andres İnyesta “Barselona” ilə bütün mümkün ali klub qənimətlərini dəfələrlə qazanmağa müvəffəq olub. İnyestanın adı “Barselona”nın şərəh zalında yer alıb.


