Yurgen Klopp Məhəmməd Salahın qolçuluq məharətini şərh etdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”ın misirli ulduzu, hücumçu Məhəmməd Salahın qol rekordu haqda danışıb.

Arena.az xatırladır ki, Salah “Liverpul”un Avropa Liqasının 1/8 finalında Praqa “Sparta”sına qarşı ev oyununda 1 qol vuraraq, cari mövsümdə klub yarışlarında vurduğu qolların sayını 20-yə çatdırıb.

Beləliklə, misirli ulduz klub tarixində 7 ardıcıl mövsümdə bütün yarışlarda 20 və daha artıq qol vurmuş ilk futbolçu kimi, adını İngiltərə nəhənginin tarixinə yazıb.

“Bu məni təəccübləndirmir, çünki “Mo” görkəmli oyunçudur. Düzünü desəm, düşünürdüm ki, o, artıq bu rekordu müəyyənləşdirib, amma Salah bir müddət xəstəxanada idi, ona görə də… Əks halda, 20 qolunu yanvar və ya fevralda vuracaqdı. Beləliklə, bu, sadəcə olaraq, çox xoş bir məqamdır, onun zədədən sonra qayıtmasına şadam”, – Yurgen Klopp “Liverpul”un rəsmi saytına açıqlamasında bildirib.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi üçün 42 milyon avro məbləğində xərc çəkmişdi. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 31 oyuna 20 qol vurub, 13 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 336 oyun, 206 qol, 92 məhsuldar ötürmə.

Misirli ulduz hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 96 oyun keçirib, 54 qol vurub, 32 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı misirli vingerin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: