İspaniya prokurorluğu Luis Rubialesin həbsinə fərman verdi

İspaniya prokurorluğu İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubialesin həbsinə fərman verib.

Arena.az bu barədə “Onda Сero” dərgisinə istinadən məlumat verir.

Vurğulanır ki, Rubiales hazırda Dominikan Respublikası ərazisindədir.

Mənbənin məlumatına görə, fərman İspaniya Super Kubokunun ev sahibliyi hüququnun Səudiyyə Ərəbistana verilməsi ilə bağlı bu ölkə ilə müqavilə haqda işə görə İspaniya Kral Futbol Federasiyasının binasında axtarışlar aparıldıqdan sonra verilib. İstintaq İspaniya Milli Məşqçilik Məktəbinin prezidentinin Luis Rubialesə və “Barselona”nın keçmiş futbolçusu Jerar Pikeyə qarşı biznes korrupsiyası və ədalətsiz idarəçilik iddiaları ilə bağlı şikayətindən sonra başlayıb.

Daha məlum olub ki, İspaniya Super Kubokunu keçirməyə görə Jerar Pikenin nəzarətində olan şirkətə 24 milyon avro məbləğ ödəmək üçün Luis Rubialesin Səudiyyə Ərəbistanı hakimiyyətinə təzyiq göstərdiyini təsdiqləyən sənədlər var.

Bu arada İspaniya Kral Futbol Federasiyası rəsmi bəyanatla çıxış edib. Qurum bu məsələ istiqamətində hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğu haqda mövqeyini nümayiş etdirib:

“Bu gün RFEF, qərargahında aparılmış axtarışdan sonra dövlət təhlükəsizlik qüvvələri və hakimiyyət orqanlarına, eləcə də məhkəmə sisteminə tam əməkdaşlıq təklif etdi. Federasiya İspaniyada futbolu idarə edən qurumun işində mütləq şəffaflığa çağırdı. Bu mənada qurum hesab edir ki, davam edən istintaq yekunlaşmalıdır.

Federasiya bu gün baş verən hadisələrdən dərin narahatlığını ifadə edir. RFEF futbolun təmsil etdiyi və liderlərinin cəmiyyətə nümunə olmaqla müdafiə etməli olduğu dəyərlərə hörmətlə yanaşaraq mümkün qədər şəffaflığın tərəfdarıdır” – Qurumun rəsmi sayıtında yerləşdirilmiş bəyanatda deyilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: