Anton Krivotsyuk yeni mövsümdə ilk qələbəsinə sevindi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 5-ci turu çərçivəsində “Ulsan Hyunday”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyunda nəhayət ki, cari mövsümün ilk qələbəsini rəsmiləşdirib – 2:0.

Anton bu görüşə start heyətdə başlayı və sonadək mübarizə aparıb. Millimizin üzvü 90+3-cü dəqiqədə sarı vərəqə də alıb.

“Daejeon Hana Sitizen” 5 turdan sonra topladığı 5 xalla 12 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda 5 oyunda 1 qələbə qazanıb, 2 heç-heç edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 36 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: